“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

165

İSAAK QOLBERQ - 125

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2007-2

Ölkəmizin əczaçılıq tarixində görkəmli şəxsiyyətlərdən biri, İsaak Konstantinoviç Qolberq 1882-ci ildə keçmiş çar Rusiya İmperiyasının Xerson şəhərində (Ukrayna) anadan olmuşdur. 1903-cü ildə Novorossiysk (Odessa) Universiteti tibb fakültəsinin kimya-əczaçılıq şöbəsinə daxil olaraq, 1907-ci ildə oranı provizor ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. Sankt-Peterburqa köçən İ.K. Qolberq, 1908-1912 illərdə prof. A.S. Qinzberqin rəhbərliyi ilə əczaçılıq kimyası ka­fed­ra­sın­da assistent işləməklə yanaşı, 1908-1909 il­lər­də Sanitar-texniki instititutunda kimya labo­ra­to­ri­ya­sı­na rəhbərlik etmişdir.

Sonralar o, akademik N.F. Qamaleyanın yanında da işləyərək 1909-cu ildə Sankt-Peterburq Hərbi-Tibb Akademiyasında əczaçılıq magistri dərəcəsini almaq üçün imtahan vermişdir. 1913-cü ildə isə Derpt (indiki Tartu) Universitetində «Ürək vasitələrinin bioloji standartlaşması» mövzusunda dissertasiya müdafiə edərək əczaçılıq magistri elmi ada layiq görülmüşdür.

Həmin ildə, o Bakı şəhərinə köçmüş və Bakı Quberniya İdarəsinin Tibb şöbəsində məhkəmə kimyası eksperti kimi iş fəaliyyətinə başlamışdır. Qeyd etmək lazımdır ki, başqa vəzifələrdə işələməsinə baxmayaraq, o ömrünün sonuna qədər, sovet hakimiyyəti illərində də, məhkəmə-tibbi ekspertizası respublika bürosunda laboratoriyaya rəhbərlik etmişdir.

Professor İ.K. Qolberq Bakı Dövlət Universitetinin təşkilində iştirak edənlərdən biri kimi, tibb fakültəsinin «əczaçılıq kimyası və farmakoqnoziya» kafedrasını 1919-cu ildə təşkil edərək, onun ilk müdirlərindən olmuşdur.

Əczaçılıq təhsilindən savayı İ.K. Qolberq 1930-cu ildə BDU-nun tibb fakültəsində ali tibb təhsilinə də yiyələnərək, öz elmi-praktik və pedaqoji fəaliyyətini daha da genişləndirmişdir.

Prof. İ.K. Qolberq 1938-ci ildə Azərbaycan Dövlət Əczaçılıq İnstitutunun təşkilində yaxından iştirak etmiş və ilk dekan vəzifəsinə təyin olunmuşdur.

Prof. İ.K. Qolberqin elmi-tədqiqat fəaliyyəti Azərbaycanın zəngin dərman bitkiləri ehtiyatının öyrənilməsinə həsr olunmuşdur. Onun 50-yə yaxın elmi məqaləsi, o cümlədən, iki monoqrafiyası çap olunmuşdur.

Prof. İ.K. Qolberq Azərbaycan Əczaçılıq Cəmiyyətinin idarə heyətinin sədri, Azərbaycan SSR-i Səhiyyə Nazirliyinin Baş Apteklər İdarəsi Şurasının üzvü, Bakı kimya-əczaçılıq zavodunun məsləhətçisi olmuşdur.

Respublikada ali və orta təhsilli əczaçı kadrların hazırlanmasında, ümumilikdə, əczaçılıq təhsilinin təşkilində  prof. İ.K. Qolberqin xidmətləri əvəzsiz olmuşdur. Onun rəhbərliyi ilə 4 əczaçılıq elmləri namizədi hazırlanmışdır.

Prof. İ.K. Qolberq 1957-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

«Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı»nın Redaksiyası